Kolbasa, yumşaq pendirlər, ət və süd məhsullarını soyuducunun qapısında saxlamaq olmaz. Bu barədə “Veçernyaya Moskva”ya həkim-dietoloq, tibb elmləri namizədi Yelena Solomatina bildirib.
Onun sözlərinə görə, məhsulların saxlanma müddəti soyuducudan necə istifadə olunmasından da asılıdır. Məsələn, soyuducunun qapısının uzun müddət açıq saxlanılması və ya tez bağlanması, cihazın daxilində hansı temperaturun təyin edilməsi, həmçinin soyuducunun yerləşdiyi mühitin temperaturu məhsulların nə qədər müddət keyfiyyətini qoruyacağına təsir göstərə bilər.

Solomatina qeyd edib ki, soyuducunun qapısı tez-tez açılıb-bağlandığı üçün burada temperatur rejimi daha qeyri-sabit olur. Buna görə də xüsusilə tez xarab olan məhsulları bu hissədə saxlamaq düzgün deyil.

Dietoloq həmçinin məhsulların yararlılıq müddətinə diqqətlə nəzarət etməyin vacib olduğunu vurğulayıb.

