Böyük sushi və roll setləri mədəaltı vəzi üçün ciddi zərbə ola bilər.
Denmedia.az xəbər verir ki, bunu Gazeta.Ru-ya Piroqov Universitetinin İnsan Biologiyası və Patologiyası İnstitutunun müəllimi, qastroenteroloq Yekaterina Titova bildirib.
“Bu cür böyük porsiyalar təkcə kalori və duz baxımından deyil, həm də mədəaltı vəz üçün dağıdıcı yüklənmə yaradır. Orqan eyni anda həm karbohidratlar (düyü), həm də yağlar (pendir, souslar) üçün çoxlu miqdarda ferment istehsal etməyə məcbur qalır. Bu isə xüsusilə artıq çəkili, aterosklerozlu və şəkərli diabetli insanlarda təhlükəlidir, çünki qlükoza və triqliserid səviyyəsində kəskin artım baş verə bilər,” – deyə həkim izah edib.
Titovanın sözlərinə görə, ağır və bədən üçün qeyri-adi bu qədər qida həcmi həmçinin qarnın şişməsi, mədədə ağırlıq və ürəkbulanma kimi simptomlara səbəb ola bilər.
“Üstəlik, bu cür iri porsiyalarda zəhərlənmə riski də artır. Məhsul çox olduqca, onlardan birinin keyfiyyətsiz olması ehtimalı yüksəlir. Əgər balıq düzgün saxlanmasa, bakteriya və viruslar üçün ideal mühitə çevrilir. Eyni təhlükə krem pendir üçün də keçərlidir – o, temperatur rejimi pozularsa, stafilokok kimi bakteriyalarla çirklənə bilər. Bu da ağır qida zəhərlənmələrinin ən geniş yayılmış səbəblərindəndir,” – deyə həkim xəbərdarlıq edib.