Meksikanın Oaxaka ştatında yerləşən San Pedro Huamelula qəsəbəsində hər il keçirilən qeyri-adi mərasim bu il də rəngli görüntülərlə yadda qalıb.
Qəsəbənin bələdiyyə başçısı Daniel Qutyerres yerli sakinlərin “şahzadə” adlandırdığı dişi timsahla simvolik nikah bağlayıb.
Tədbirə ənənəvi geyimlərdə qatılan sakinlərin iştirakı ilə timsaha ağ gəlinlik geyindirilib və heyvan musiqi, rəqslər müşayiətində qəsəbədə gəzdirilib. Təhlükəsizlik məqsədilə timsahın ağzı bağlanıb.
Nikahdan sonra bələdiyyə başçısı timsahı öpərək ritualı tamamlayıb.
Təxminən 230 illik tarixə malik ritualın bölgədəki Çontal və Huave yerli icmaları arasındakı tarixi birliyi simvolizə etdiyi bildirilir.
Yerli inanclara görə, bələdiyyə başçısı Çontal kralını, timsah isə Huave şahzadəsini təmsil edir. Bu simvolik evliliklə bölgəyə yağış, bol məhsul, çoxlu balıq və rifah gələcəyinə inanılır.
Mərasimdən sonra danışan Daniel Qutyerres “İki mədəniyyətin birləşməsini qeyd edirik. Xalqımız xoşbəxtdir” deyib.

