Tərkibində kofein olduğu üçün qara çay qan təzyiqini yüksəldə bilər. Bu barədə qastroenteroloq Yevgeni Belousov “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, qara çayın tərkibində kofein (tein), taninlər, katexinlər və flavonoidlər var. Bu maddələr ürək-damar sisteminə müxtəlif təsirlər göstərə bilər.
“Flavonoidlər damar divarlarının elastikliyini yaxşılaşdırır, damar tonusunu dəstəkləyir və oksidləşdirici stressi azaldır. Kofein isə az miqdarda ürəyin fəaliyyətini yüngül şəkildə stimullaşdıra və qan təzyiqini yüksəldə bilər”, – deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, tanin və katexinlər ümumilikdə damarlar üçün faydalı hesab olunur. Lakin qara çayın həddindən artıq istifadəsi mədənin selikli qişasını qıcıqlandıra bilər.
Həkim xüsusilə qan təzyiqi aşağı olan insanlara diqqət çəkib. Onun sözlərinə görə, şəkər əlavə edilmiş tünd qara çay bəzi hallarda təzyiqi qısa müddətdə yüksəltməyə kömək edə bilər.

