100 yaşında vəfat edən dünyaca məşhur modelyer Zühal Yorgancıoğlunun İzmir şəhərində keçirilən dəfn mərasimində “saf tutma” (“cənazə namazında qadınların kişilərlə eyni cərgədə dayanması” )ilə bağlı gərginlik yaşanıb.
İzmirin tanınmış simalarından olan modelyer üçün Alsancak Hocazadə məscidində vida mərasimi təşkil olunub. Anasını son mənzilə yola salan qızı Müberra Yorgancıoğlu və bəzi qadın yaxınları cənazə namazı zamanı ön sıralarda saf tutmaq istəyiblər.
Lakin məscidin imamı Salih Bayram qadınların kişilərlə eyni sırada namaz qılmasına icazə verməyib. İmamın müdaxiləsindən sonra mərasimdə qısa müddətli gərginlik yaranıb.

Xəbərdarlıqdan sonra qadınlar istəmədən də olsa arxa sıraya keçməli olublar. Hadisəyə modelyerin oğlu Faruk Yorgancıoğlu etiraz edib. O, qadınların da cənazə namazında saf tuta biləcəyini bildirərək, “Qadınlar da safda namaz qıla bilər, hamının birlikdə qılmasında problem yoxdur” deyib.
Ailə üzvlərinin etirazına baxmayaraq, imam qərarından geri çəkilməyib. Gərgin atmosferə baxmayaraq, cənazə namazı davam etdirilib və mərasim tamamlanıb.
Zühal Yorgancıoğlunun dəfn mərasimində yaşanan bu hadisə Türkiyə mediasında və sosial şəbəkələrdə “qadın cəmiyyəti” və cənazə namazında saf qaydaları ilə bağlı müzakirələrə səbəb olub.

