Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan tam orta məktəblərdə bu il 43 şəhid övladı təhsil alacaq. Onların hər birinin şəxsi hesabına Abşeron rayon İcra Hakimiyyəti tərəfindən müəyyən məbləğdə vəsait köçürülüb
“Den.az” xəbər verir ki, bu barədə Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə 2022-2023-ci tədris ilində yüksək bal toplayan məzunlar və bu il Abşeronun müxtəlif məktəblərində təhsil alacaq şəhd övladları ilə keçirilən görüşdə bildirilib.
Keçilən tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid anası Xatirə İsmayılova, şəhidlərin ailə üzvləri və qazilər çıxış edərək 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunları təbrik ediblər. Eləcədə yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq şagirdlər və müəllimlər təbrik edilib.
Tədbirdə Vətən müharibəsi şəhidi Elşad Həsənovun tələbə adını qazanan qızı Aysun Həsənli çıxış edərək Abşeronda şəhid ailələrinə və qazilərə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Sonda yüksək bal toplayan məzunlara və şəhid övladlarına hədiyyələr təqdim edilib




