Abşeron rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
“Den.az” xəbər verir ki, Xırdalan şəhər 3 nömrəli məktəb liseydə keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və rayonun təhsil ocaqlarının əməkdaşları iştirak ediblər.
Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Abşeron rayonunda görülən işlərdən ətraflı danışıb. RİH başçısı bildirib ki, ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Rayon rəhbəri müəllim yükünün nə qədər ağır olduğunu deyərək, bu sahə adamlarını ən şərəfli insanlar adlandırdı
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Fond ölkədə məktəb tikintisi ilə yanaşı təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Qeyd edilib ki, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da müasir standartlara uyğun məktəb binaları tikilərək sakinlərin istifadəsinə verilib və bu gün də bu istiqamətdə görülən işlər davam etdirilir.
Daha sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron rayon İcra Hakimiyyəti Yanında ictimai şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova , Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru Təyyubə Hüseynova və digərləri ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıblar.
Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.