Bəzən həyat ən ağır sınaqları ən böyük möcüzələrlə cavablandırır.
Sumqayıtda cəmi 540 qram çəki ilə dünyaya göz açan balaca Nurun yaşamaq hekayəsi bunun bariz nümunəsidir. Vaxtından xeyli əvvəl doğulan, doğulduğu an əkiz tayını itirən və ilk nəfəsindən etibarən süni tənəffüs aparatına bağlı qalan bu körpə, ölüm və həyat arasında uzun aylar davam edən səssiz, amma inadkar bir mübarizə aparıb.
Nur, Yenidoğulmuşların Reanimasiyası şöbəsində peşəkar həkim heyətinin gecə-gündüz davam edən səyi, diqqəti və fədakarlığı sayəsində həyata tutuna bilib. Kəskin tənəffüs problemləri, riskli vəziyyətlər və saysız-hesabsız tibbi müdaxilələr… Amma bütün bu çətinliklər qarşısında həyat qalib gəlib.
Bu gün artıq çəkisi 2 kiloqrama çatan Nurun həyatı üçün təhlükə aradan qalxıb və o, evə buraxılıb. Onun yaşamaq hekayəsi müasir tibbin gücünü, vaxtında göstərilən ixtisaslaşmış tibbi yardımın və insan həyatına verilən dəyərin nə qədər önəmli olduğunu bir daha sübut edir.
Bu möcüzənin arxasında həm də bir ananın 15 illik həsrəti dayanır. 48 yaşlı ana uzun illər övlad arzusu ilə yaşayıb. Həyat yoldaşının bu çətin dönəmdə onları tərk etməsi isə ağrını daha da dərinləşdirib. Amma nənə Tamara Əhmədovanın DenazTV-yə dediyi kimi, bütün çətinliklərə baxmayaraq, Nur bu ailəyə ümid, işıq və yaşamaq sevinci gətirib.
Nurun hekayəsi vaxtından əvvəl doğulan minlərlə körpə və onların valideynləri üçün bir ümid çağırışıdır: həyat bəzən çox zəif başlayır, amma sevgi, inam və fədakarlıqla möcüzələr gerçəyə çevrilir.
Daha ətraflı DenazTv-də...
Nizami Rəsulov

