Sumqayıt şəhərində azyaşlının faciəvi ölümü ilə nəticələnən hadisə baş verib.
Den.az xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.
Valideynlərin və həkimlərin bütün səylərinə baxmayaraq, körpə həyatla vidalaşıb.
Məlumata görə, dünyasını dəyişən 6 aylıq Alparslan Elməddin oğlu Cəfərlidir. Körpənin vəziyyəti qəfil pisləşdiyindən o, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına təcili olaraq gətirilib. Ağır vəziyyətdə olan körpə dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən göstərilən intensiv tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumatlarda uşağın infarkt nəticəsində öldüyü deyilsə də, rəsmi açıqlamalara əsasən ölüm səbəbi beyin ödəmi ilə bağlı olub.
Sumqayıt TM-nin İctimayətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallının sözlərinə görə,“ Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozları təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olan körpənin həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 02.08.2025-ci il tarixində saat 14:30 radələrində beyin ödəmi səbəbindən ölüm faktı qeydə alınıb.”
Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Körpənin ölüm səbəbinin dəqiq müəyyən olunması üçün tibbi ekspertiza təyin edilib.
Ellada Rəsul
Den.az