Qaradağ Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayevin həbs qətimkan tədbirinin müddəti uzadılıb. O, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılmışdı.
DenMedia.az apa.az-ya istinadən xəbər verir ki, istintaq orqanının təqdimatı Binəqədi Rayon Məhkəməsində baxılıb və müvafiq qərar qəbul edilib. Qərara əsasən, Q. Abdullayevin həbs müddəti 3 ay 10 gün uzadılıb.
Xatırladaq ki, ötən ilin noyabrında Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılmışdı. Onların arasında icra başçısının müavini Nadir Muradov, baş məsləhətçi Qafar Abdullayev, eləcə də Dövlət Əmlak Xidməti yanında dövlət əmlakının səmərəli istifadəsinə nəzarət idarəsinin rəis müavini Zülfuqar Mansurov da var idi.
Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham olunurlar.

