ABŞ Dövlət Departamenti Ukraynaya 2,1 milyard dollar dəyərində 500 ədəd “Patriot PAC-3” hava hücumundan müdafiə raketinin satışını təsdiqləyib.
Bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.
Açıqlamaya əsasən, satışın maliyyələşdirilməsi tamamilə ABŞ-ın tərəfdaşları və müttəfiqləri hesabına həyata keçiriləcək. Xərclər Kanada, Almaniya və Norveçin ayırdığı vəsait, eləcə də Avropa İttifaqının krediti hesabına qarşılanacaq.
Satış paketinə raketlərlə yanaşı, hava hücumundan müdafiə sistemləri üçün məxfi və qeyri-məxfi ehtiyat hissələri, həmçinin maddi-texniki təminat və proqram dəstəyi də daxildir.
ABŞ Dövlət Departamenti hesab edir ki, bu razılaşma Avropanın siyasi və iqtisadi sabitliyi baxımından mühüm əhəmiyyət daşıyan tərəfdaş ölkənin müdafiə imkanlarını gücləndirməklə Vaşinqtonun xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək.
Raketlərin Ukraynaya tədarükündə ABŞ Müdafiə Nazirliyinin əsas podratçılarından biri olan “Lockheed Martin” şirkəti iştirak edəcək.
ABŞ Konqresinin razılaşmanı nəzərdən keçirmək və zərurət yaranarsa, onun qarşısını almaq üçün bir ay vaxtı var.

