Xəzər dənizinin dayazlaşması təkcə sahil xəttini dəyişmir, həm də istirahət edənlər üçün yeni təhlükələr yaradır. Dəniz dibinin relyefində baş verən dəyişikliklər nəticəsində zahirən təhlükəsiz görünən ərazilərdə dərin çuxurlar və kəskin dərinlik fərqləri yarana bilər.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev məlumat verib.
Mütəxəssisin sözlərinə görə, Xəzər dayazlaşdıqca dənizin daha soyuq dərin qatları səthə qalxa bilər. Suyun temperaturunda kəskin fərq insanın vəziyyətinə mənfi təsir göstərə və onun axına qarşı müqavimət imkanını azalda bilər.
Əliyev bu prosesi “sauna effekti” ilə müqayisə edib. O bildirib ki, güclü istilər zamanı qan damarları genişlənir, soyuq dəniz suyuna qəfil daxil olduqda isə damarlar sürətlə daralır. Bu hal ürək-damar sisteminin fəaliyyətində pozuntulara səbəb ola və bəzi hallarda faciəli nəticələrə gətirib çıxara bilər.
Ekoloqun sözlərinə görə, güclü dalğalar və istirahət edənlərdə ürək-damar xəstəliklərinin olması da riski artırır.
Xüsusi narahatlıq doğuran məqam isə ölüm hallarının əksəriyyətinin vəhşi və təchiz olunmamış çimərliklərdə baş verməsidir. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, iyunun əvvəlindən Azərbaycanda çimmək üçün qadağan olunmuş su hövzələrində 12 nəfər boğulub.
DenMedia.az Xəzər Xəbərin materialını təqdim edir:

