44 günlük Vətən müharibəsi dövlətimizin tarixində, eyni zamanda hər bir Azərbaycanlının yaddaşında əbədi qalacaq ən parlaq səhifədir. Ölkəmizin hər yerində 8 Noyabr "Zəfər" günü ilə bağlı silsilə tədbirlər keçirilir.
"Den.az" xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Novxanı kənd 28 saylı körpələr evi-uşaq bağçasında da bu münasibətlə tədbir keçirildi.
Tədbirdə şəhid valideynləri, qazilər, bağça kollektivi və fidan balalar iştirak etdilər.Tədbirin aparıcısı bağçanın tərbiyəçi-müəllimi Şahnaz Əliyeva tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, 44 günlük müharibə zamanı düşmən birliyimizi,xalqımızın iradəsini, əzmini qıra bilmədi.Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Qazanılan qələbəni Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə təntənəsi hesab etmək olar.Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndi.Daha sonra balaca fidanlar biri-birindən maraqlı, vətənpərvərlik çıxışlarını nümayiş etdirdilər.Balaca fidanların hazırladığı çıxışlar maraqla qarşılandı.Çıxış edən bağçanın müdiri Səfa İbrahimova Zəfər gününün əhəmiyyətindən danışaraq qeyd etdi ki, uşaqları vətənpərvər ruhda böyütmək gələcəyimiz üçün mühüm addımlardandır.Səfa İbrahimova qeyd etdi ki, Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin, vətənpərvərlik ideologiyasını örnək alaraq bağça rəhbərliyi olaraq daim bu işdə pedaqoji kollektivə dəstəyini əsirgəmir.Daha sonra çıxış edən Şəhid Teymur Quliyevin anası Fəridə xanım bildirdi ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi çox müsbət haldır.Tədbirdən sonra bağça kollektivi və balaca balalar şəhid valideynlərilə birlikdə Novxanı kənd qəbiristanlığında dəfn olunmuş Şəhid Ceyhun Useynovun və Şəhid Teymur Quliyevin məzarlarını ziyarət etdilər.