Çeçenistanda baş örtüyü və ya başı bağlayan hər hansı aksesuar taxmayan qadınlarla izahedici söhbətlər keçiriləcək.
DenMedia.az xəbər verir ki, bu barədə region rəhbəri Ramzan Kadırovun köməkçisi, Çeçenistan Gənclər İşləri üzrə nazirinin birinci müavini Amir Suqaypov “Çeçnya bu gün” informasiya agentliyinə açıqlama verib.
Rəsminin sözlərinə görə, başını örtən qadınlar “estetik, dini və milli ənənələr baxımından daha ləyaqətli və gözəl görünürlər.” O, söhbətin hicabdan yox, mədəniyyət və ənənələrə hörməti ifadə edən sadə və təvazökar elementdən — məsələn, baş örtüyü və ya lentdən getdiyini vurğulayıb.
Suqaypov qeyd edib ki, bu tövsiyələrə əməl etməyən qızlarla və onların valideynləri ilə şəxsi söhbətlər aparılacaq.
“Kim dinləməsə, onlarla da, onların valideynləri ilə də şəxsi söhbətlər aparacağıq. Biz bacılarımız üçün narahatıq və onların rifahını istəyirik. Bütün bunlar yalnız onların xeyrinə edilir. Bəli, hamı dərhal anlamır, amma məqsədimiz mövqeyimizi xoş niyyətlə izah etməkdir,” — deyə Suqaypov bildirib.

