ABŞ Ədliyyə Nazirliyinin maliyyəçi Ceffri Epşteynin işi üzrə açıqladığı sənədlərin üçüncü paketində gələcək ABŞ prezidenti Donald Trampın 1990-cı illərdə ən azı səkkiz dəfə Epşteynə məxsus şəxsi təyyarə ilə uçduğu qeyd olunur. Bu barədə NBC News məlumat yayıb.
Həmin uçuşlardan 2020-ci ilin yanvarına aid elektron məktubda bəhs edilir. Məktubun müəllifi olan Nyu-Yorklu federal prokuror adını açıqlamadığı ünvana yazır ki, bort jurnallarında Tramp:
“1993–1996-cı illər arasında ən azı səkkiz reysdə sərnişin kimi göstərilib, o cümlədən ən azı dörd uçuşda Cisləyn Maksuell də iştirak edib”.
Epşteynin əlaltısı sayılan Cisleyn Maksuell hazırda seksual istismar məqsədilə insan alveri maddəsi ilə 20 il həbs cəzası çəkir.
Sənədlərdən həmçinin məlum olur ki, 1993-cü ildə Tramp və Epşteyn bir uçuşda ekipajdan başqa təyyarədə tək olublar. Digər bir reysdə sərnişin siyahısında adı açıqlanmayan 20 yaşlı qadın yer alıb. NBC News-un bildirdiyinə görə:
“Daha iki uçuşda sərnişinlərdən ikisi Maksuell işi üzrə potensial şahid ola biləcək qadınlar idi”.
NBC xüsusi olaraq vurğulayır ki, açıqlanan sənədlərdə məktubun göndərən və alan tərəflərinin adları gizlədilib və məktubun özündə Trampın ünvanına heç bir ittiham irəli sürülmür.

