Almaniya kansleri Fridrix Merts Fransa prezidenti **Emmanuel Makron**la münasibətləri dərinləşdirməkdənsə, İtaliyanın baş naziri Cörciya Meloni ilə tərəfdaşlığa üstünlük verir. Bu barədə The Telegraph yazır.
Nəşrin istinad etdiyi Aİ diplomatının sözlərinə görə, Berlin sabit və uzunmüddətli əməkdaşlıq edə biləcəyi tərəfdaşlar axtarır. Diplomat qeyd edib ki, Makronun yaxın zamanda postunu tərk edəcəyi ehtimalı və Fransadakı daxili qeyri-sabitlik Almaniya üçün ciddi risk hesab olunur. “Almanlar qeyri-sabitliyi sevmir. Bu baxımdan İtaliya və Almaniya hazırda bir-birinə heç vaxt olmadığı qədər yaxındır”, — deyə o vurğulayıb.
Məqalədə bildirilir ki, Berlin Parisə olan etimadını Makronun pensiya islahatından geri çəkilməsindən sonra zəiflədib. Halbuki Meloni hökuməti büdcə nizam-intizamı ilə Almaniyanın etimadını qazanıb.
Avropa Xarici Əlaqələr Şurasının nümayəndəsi Corcio Rutelli bildirib ki, Merts və Meloni dövründə İtaliya və Almaniya artıq borclu–kreditor münasibəti yox, oxşar problemlərlə üzləşən iki sənaye dövləti kimi bir-birinə baxır.

