Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Corcia Meloni apreldə keçirilməsi planlaşdırılan ilk ikitərəfli sammiti ən azı iyunun ortalarınadək təxirə salıblar. Bu barədə Politico nəşri fransız diplomatına istinadən yazıb.
Məlumata görə, sammit aprelin əvvəlində Tuluza şəhərində baş tutmalı idi. Lakin Meloni görüşün 15–17 iyun tarixlərində Evian-le-Ben şəhərində keçiriləcək G7 sammitindən sonra təşkil olunmasını xahiş edib.
Qərar liderlər arasında yaranmış fikir ayrılığı fonunda verilib. Bildirilir ki, gərginlik Meloninin “sol ekstremizmlə əlaqəli qruplar” tərəfindən hücuma məruz qalaraq həyatını itirən fəalın ölümü ilə bağlı başsağlığı mesajı paylaşmasından sonra artıb.
Bununla belə, diplomatik mənbə sammitin təxirə salınmasının rəsmi olaraq bu gərginliklə bağlı olmadığını vurğulayıb və qərarın fevralın əvvəlində – hadisədən əvvəl qəbul edildiyini bildirib.
Qeyd olunur ki, Paris və Roma liderlər səviyyəsində sonuncu dəfə 2020-ci ildə ikitərəfli görüş keçiriblər.

