“Financial Times” nəşrinin iddiasına görə, İsrail kəşfiyyatı “Nərildəyən Aslan” adlı əməliyyata hazırlıq çərçivəsində Tehrandakı yol müşahidə kameralarına müdaxilə edərək yüksək rütbəli iranlı şəxslərin gündəlik hərəkətlərini izləyib.
Məlumata əsasən, İsrail tərəfi İranın ali rəhbəri Əli Xamenei və onun mühafizə komandası ilə bağlı “həyat tərzi xəritəsi” hazırlayıb. Buraya hərəkət marşrutları, iş qrafiki və ətrafında olan yüksək vəzifəli şəxslərin kimliyi daxil edilib. İddia olunur ki, Xameneinin ətrafında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) mənbəyi də olub.
Nəşr yazır ki, toplanmış böyük həcmdə məlumatın emalı üçün süni intellekt alətləri və xüsusi alqoritmlərdən istifadə edilib. ABŞ kəşfiyyatının təqdim etdiyi əlavə məlumat isə Xameneinin olduğu məkanın dəqiqləşdirilməsində rol oynayıb.
Məlumatda bildirilir ki, hücum zamanı kompleksə ümumilikdə 30 raket atılıb. Eyni zamanda, ərazidəki mobil rabitə qüllələri sıradan çıxarılıb ki, təhlükəsizlik əməkdaşları xəbərdarlıq zəngləri ala bilməsinlər. Əməliyyatın radioelektron kəşfiyyat, mobil şəbəkələrə sızma və koordinasiyalı məlumat təsdiqi ilə həyata keçirildiyi qeyd olunur.
Qeyd edək ki, bu məlumatlar “Financial Times”a istinadla yayılıb və tərəflər tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

