İsrailli hüquq müdafiəçisi İranın ali lideri Əli Xameneinin ölümü ilə bağlı sensasion iddia irəli sürüb.
Denmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyatlar və Tehran tərəfindən verilən cavablar hazırda dünya gündəminin əsas mövzularından biridir. Bu hadisələr fonunda israilli hüquq müdafiəçisi Devid Keyes İranın ali dini lideri Əli Xameneinin ölümü ilə bağlı diqqətçəkən iddia səsləndirib.
Məlumata görə, 28 fevralda ABŞ və İsrailin başladığı hücumlar nəticəsində Əli Xamenei həlak olub. İran dövlət televiziyası bu hadisəni “İslam inqilabının liderinin şəhid olması” kimi təqdim edib. İran hökuməti isə Xameneinin ölümü ilə əlaqədar 40 günlük milli matəm və 7 günlük rəsmi tətil elan edib.

Devid Keyes iddia edib ki, Xameneinin üzüyünə dinləmə qurğusu yerləşdirilib.
“Bunu deməyə utanırdım, lakin Xamenei artıq dünyasını dəyişdiyinə görə açıqlaya bilərəm. Xameneinin üzüyünə dinləmə cihazını yerləşdirən Mossad agentinin adı Şama Hakoldur. O mənim çox yaxın dostumdur və bu missiya üçün böyük risk edib. Bir gün bu hadisə mütləq film mövzusu olacaq”, — deyə Devid Keyes bildirib.
Eyni zamanda SEPAH-a yaxın olan Fars agentliyinin məlumatına görə, hücum zamanı Xameneinin ailə üzvlərindən bəziləri də həlak olub. Bildirilir ki, qızı, kürəkəni, nəvəsi və gəlinlərindən biri hücum nəticəsində həyatını itirib.
Qeyd edək ki, Xamenei 19 aprel 1939-cu ildə İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub. O, azərbaycanlı əsilli ruhani ayətullah Cavad Xameneinin oğlu idi və ailəsi İrandakı azərbaycanlı icmasına mənsub olub.
Xamenei İran İslam İnqilabının lideri Ruhullah Xomeyninin yaxın silahdaşlarından biri kimi tanınıb. İnqilabdan sonra müdafiə naziri və iki müddət İran prezidenti vəzifələrində çalışıb.
1989-cu ildən etibarən isə İranın ali lideri və ölkədə ən yüksək qərarverici şəxs kimi fəaliyyət göstərib və 37 il ərzində İranın daxili və xarici siyasətində əsas fiqurlardan biri olub.

