ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi kampaniyanı ən azı daha 3–4 həftə davam etdirmək ideyasına müsbət yanaşdığı bildirilir.
Bu barədə Axios nəşri Tramp ilə çərşənbə axşamı axşamı danışan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri də Ağ Evin yaxın həftələrdə müharibəni dayandırmaq niyyətində olmadığını düşünürlər. Bununla belə, Tramp məqsədlərin yerinə yetirildiyini hesab edərsə, qərarını qəfil dəyişə bilər.
Bildirilir ki, İran rejimini ali lider və bir sıra yüksək rütbəli təhlükəsizlik rəsmilərinin aradan götürülməsi ilə tez destabilizasiya etmək planı uğursuz olduqdan sonra strategiya dəyişib.
Hazırda kampaniyanın əsas məqsədinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) uzunmüddətli şəkildə zəiflətmək olduğu qeyd olunur.
Mənbənin sözlərinə görə, məqsəd SEPAH-ı o qədər zəiflətməkdir ki, ölkə daxilində daxili üsyan üçün şərait yaransın.

