ABŞ Dövlət katibi Marko Rubio Kubanın GAESA maliyyə konqlomeratının icraçı prezidentinin bacısı Adis Lastres Moreranın ABŞ ərazisində həbs edildiyini bildirib.
Rubio bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Morera Floridada yaşayır və daşınmaz əmlakı idarə edirdi. ABŞ rəsmisi bildirib ki, o, eyni zamanda Havana rejiminə yardım göstərməkdə ittiham olunur.
Morera daşınmaz əmlakı idarə edir və Floridada yaşayırdı. Eyni zamanda Havananın kommunist rejiminə kömək edirdi. Mən onu daimi yaşayış statusundan məhrum edənədək bu davam etdi. Bu gün onun həbs edildiyini və hazırda ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin nəzarətində olduğunu bildirməkdən məmnunam,— deyə Marko Rubio yazıb.
Rubio qeyd edib ki, GAESA Kuba hərbçilərinin nəzarət etdiyi maliyyə konqlomeratıdır.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 2020-ci ildə kubalı general Luis Alberto Rodriges Lopes-Kalyehaya qarşı sanksiyalar tətbiq etmişdi. O, Kubanın keçmiş rəhbəri Raul Kastronun kürəkəni və GAESA rəhbəri idi.
Məlumata görə, konsorsiuma təxminən 50 hotel, şəbəkə mağazaları və tikinti müəssisələri daxildir. GAESA həmçinin Havananın qərbində yerləşən iri Mariel limanına nəzarət edir.
Xatırladaq ki, mayın 20-də ABŞ Ədliyyə Nazirliyi Kubanın keçmiş lideri Raul Kastroya qarşı ittihamları açıqlamışdı.

