Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna üzv dövlətlər Assambleyasının Bürosu BCM prokuroru Kərim Xanı vəzifəsindən uzaqlaşdırmaq barədə qərar qəbul edib. Bu tədbir seksual qısnama ittihamları ilə bağlı intizam icraatı üzrə qərar çıxarılana qədər qüvvədə olacaq.
Məhkəmədən bildirilib ki, qərar dərhal qüvvəyə minir. Büro intizam icraatının BCM-ə üzv dövlətlər Assambleyasının baxışına təqdim edilməsinə qərar verib. Bu məsələnin müzakirəsi üçün ən qısa müddətdə xüsusi sessiya çağırılması planlaşdırılır.
Vurğulanır ki, prokurorun müvəqqəti vəzifədən uzaqlaşdırılması iş üzrə yekun qərarın əvvəlcədən müəyyən edilməsi demək deyil. Məhkəmədən bildirilib ki, qərar qəbul edilərkən BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsi tərəfindən aparılmış araşdırmanın nəticələri nəzərə alınıb.
2025-ci ildə Kərim Xan yeni seksual qısnama ittihamları ilə üzləşib. İkinci qadın yüksək vəzifəli hüquqşünas tərəfindən 2023-cü ilin mayında baş verdiyi bildirilən nalayiq hərəkətlər barədə məlumat verib. Şikayətçi anonim qalmaq istəyib.

