Azərbaycanda hərbi hissəni və ya xidmət yerini özbaşına tərk edən, eləcə də üzrlü səbəb olmadan xidmətə vaxtında qayıtmayan hərbi qulluqçuların inzibati məsuliyyətə cəlb edilməsi qaydası dəyişdirilə bilər.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, yaxud üzrlü səbəb olmadan xidmət yerinə vaxtında qayıtmaması bir gündən artıq, lakin on gündən çox olmayan müddəti əhatə etdikdə 200 manatdan 300 manatadək cərimə nəzərdə tutulur.
İşin halları və qayda pozuntusunu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs də tətbiq oluna bilər.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, həmin hərbi qulluqçuların xidmət yerində üç gündən artıq, lakin on gündən çox olmayan müddətdə üzrsüz olmalarına görə 20 günədək inzibati həbs nəzərdə tutulur.
Layihədə eyni xətanın inzibati tənbeh haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək cərimə və ya 10 gündən bir ayadək inzibati həbs tətbiqi təklif edilir.
Mövcud qanunvericilikdə isə təkrar pozuntuya görə 15 gündən bir ayadək inzibati həbs nəzərdə tutulur.
Beləliklə, təklif olunan dəyişikliklərə əsasən, sözügedən hərbi qulluqçuların bir gündən artıq üzrsüz olaraq xidmət yerində olmaları inzibati məsuliyyət yaradacaq. Eyni zamanda, inzibati həbsə alternativ olaraq pul cəriməsinin tətbiqi mümkün olacaq.

