ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğum əsasında vətəndaşlığı məhdudlaşdıran fərmanını Konstitusiyaya zidd hesab edərək ləğv edib.
Qərar 6-ya qarşı 3 səs çoxluğu ilə qəbul olunub. Bununla da Trampın ABŞ ərazisində doğulan miqrant və turist uşaqlarının avtomatik olaraq ABŞ vətəndaşlığı almasının qarşısını almaq cəhdi rədd edilib.
Ali Məhkəmənin sədri Con Roberts tərəfindən hazırlanan qərarda ABŞ-da qanunsuz və ya müvəqqəti statusla olan şəxslərin bu ölkədə doğulan uşaqlarının Konstitusiyaya əsasən doğulduqları andan vətəndaş sayıldığı bildirilib.
Qərarda ABŞ Konstitusiyasının 14-cü düzəlişinin tarixi əhəmiyyətinə də toxunulub. Roberts qeyd edib ki, vətəndaşlıq hüququ həm keçmişdə, həm də bu gün insanların hüquqlara sahib olması və cəmiyyətə azad şəkildə qoşulması deməkdir.
Donald Tramp isə daha əvvəl sözügedən maddənin yanlış şərh edildiyini iddia edirdi. O, doğum əsasında vətəndaşlıq hüququnun qeyri-qanuni miqrantlar və ABŞ-da uşaq dünyaya gətirərək vətəndaşlıq almaq istəyən turistlər tərəfindən sui-istifadə edildiyini bildirirdi.
Lakin Ali Məhkəmə ABŞ-ın 150 ildən artıq formalaşmış hüquqi praktikasını dəyişməyə getməyib və doğum əsasında vətəndaşlıq hüququnun qüvvədə qalmasına qərar verib.
Tramp qərara sosial şəbəkə hesabında sərt reaksiya verib. O, bunu ölkə üçün “çox üzücü vəziyyət” adlandırıb və Konqresi doğum əsasında vətəndaşlıq tətbiqinə son qoymaq üçün qanun qəbul etməyə çağırıb.
ABŞ Prezidenti başqa bir paylaşımında isə qərarı istehzalı şəkildə “Çinin qələbəsi” adlandırıb.

