ABŞ Senatı Trampın İranla bağlı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasını rədd edib
ABŞ Senatı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar aparmaq səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüsü rədd edib. Bu barədə CBS News məlumat yayıb.
Demokrat senator Tim Keynin təqdim etdiyi layihə prosedur səsverməsindən keçməyib. Sənədin əleyhinə 50 senator, lehinə isə 47 senator səs verib.
Layihə Konqres tərəfindən əvvəlcədən təsdiqlənməyən hərbi əməliyyatlar zamanı ABŞ qoşunlarının İranda və ya İrana qarşı döyüş əməliyyatlarından çıxarılmasını nəzərdə tuturdu. Demokratlarla birlikdə layihənin irəliləməsinə yalnız iki respublikaçı senator dəstək verib.
Tramp daha əvvəl qanunvericilərin onun hərbi səlahiyyətlərini məhdudlaşdırmaq cəhdlərini tənqid etmişdi. Tramp administrasiyası isə atəşkəs rejimi qüvvəyə mindikdən sonra ABŞ-ın artıq İrana qarşı döyüş əməliyyatlarında iştirak etmədiyini bildirir.
Ağ Ev həmçinin prezidentin hərbi gücdən istifadəsini məhdudlaşdırmağa imkan verən 1973-cü il Hərbi Səlahiyyətlər haqqında qanunu konstitusiyaya zidd hesab edir.

