İsveç parlamenti vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirən qanun qəbul edib.
Bu barədə SVT məlumat yayıb.
Yeni qaydalara əsasən, əcnəbilər vətəndaşlıq üçün müraciət etməzdən əvvəl İsveçdə ən azı 8 il yaşamalıdır — bu müddət əvvəlki qaydalardan 3 il daha çoxdur.
Bundan əlavə, 16 yaşdan yuxarı şəxslər vətəndaşlıq imtahanı verməli, həm isveç dili, həm də cəmiyyət barədə biliklərini təsdiqləməlidirlər.
Yeni tələblərə görə, müraciət edən şəxsin illik gəliri minimum 241,8 min İsveç kronu (təxminən 22 min dollar) olmalıdır.
Qanun 6 iyun tarixindən qüvvəyə minəcək və hətta illər əvvəl müraciət etmiş şəxslərə də şamil ediləcək.
Bildirilir ki, hökumətin təşəbbüsü ilə təqdim olunan dəyişikliklər 258 səs lehinə, 33 səs əleyhinə olmaqla qəbul edilib, 58 deputat isə səsvermədə iştirak etməyib.

