ABŞ kosmik proqramlarının icrasını sürətləndirməsə, Ayın mənimsənilməsi üzrə liderliyi Çinə uduza bilər.
Bu barədə NASA rəhbəri Cared Ayzekman CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Çin öz məqsədinə doğru çox yüksək sürətlə irəliləyir.
“Çinlilər öz taykonavtlarını Aya göndərəcəklər, bu, sual deyil. Sual ondadır ki, ABŞ onlardan əvvəl Aya qayıda biləcəkmi?” — deyə Ayzekman qeyd edib.
NASA rəhbəri iki ölkə arasında artıq tammiqyaslı kosmik yarışın başladığını etiraf edib. Bununla belə, o, ABŞ-ın liderliyini qoruyub saxlaya biləcəyinə inandığını bildirib.
Eyni zamanda NASA-nın Ay bazasının yaradılması proqramının rəhbəri Karlos Qarsia-Qalan daha əvvəl ABŞ-ın hələlik pilotlu ekspedisiya göndərmək və Ayda baza inşa etmək üçün kifayət qədər məlumatlara malik olmadığını bildirmişdi.
Astronavtların Aya enişi əvvəlcə 2027-ci ilə planlaşdırılsa da, sonradan 2028-ci ilə təxirə salınıb.
NASA 2029-cu ilə qədər Ay səthinə etibarlı çıxışı təmin etməyi, 2032-ci ildən isə orada ekipajların daimi mövcudluğunu təşkil etməyi planlaşdırır.

