İspaniya məhkəməsi Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin Türkiyədə keçiriləcək NATO sammitinə getməsinə icazə verməyib.
Bu barədə TASS məhkəmə qərarına istinadən məlumat yayıb.
İyunun 20-də hakim Xuan Karlos Peynado baş nazirin həyat yoldaşı barəsində məhkəmə araşdırmasının başlanmasına qərar verib. Qətimkan tədbiri kimi Qomesin pasportunun alınması və ölkədən çıxışına qadağa qoyulması nəzərdə tutulub.
Bununla əlaqədar Qomes hakimdən əvvəlcə iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinə, daha sonra isə qızının məzuniyyət mərasimində iştirak etmək üçün Londona getməsinə icazə istəyib.
Məhkəmə qərarında “Ankaraya səfərə icazə verilməsin” ifadəsi yer alıb. Bununla belə, Qomesə Böyük Britaniyaya səfər etməyə icazə verilib. Səfərdən sonra o, pasportunu təhvil verməlidir.
Qomes barəsində istintaq 2024-cü ildə başlanıb. O, mənimsəmə, nüfuz alveri, qanunsuz mənimsəmə və biznes sahəsində korrupsiya ilə bağlı ittihamlarla üzləşib.
Prokurorluq işin bağlanması üçün vəsatət qaldırıb və məhkəmə araşdırmasının başlanacağı təqdirdə təqsirləndirilən şəxslərə bəraət verilməsini tələb edəcəyini bildirib. Qomesə qarşı iddia qaldıran ifrat sağçı Hazte Oír assosiasiyası isə onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

