İspaniya prokurorluğu çərşənbə günü Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes barəsində qəbul olunmuş ittiham aktından şikayət verib və işin dayandırılmasını yenidən tələb edib. Bu barədə EFE məlumat yayıb.
Prokurorluq bu vəsatəti onunla əsaslandırıb ki, Beqonya Qomesin hərəkətlərində cinayət tərkibinin əlamətləri aşkar edilməyib. Eyni zamanda qurum istintaqın tamamilə dayandırılması üçün də vəsatət qaldırıb.
Ötən həftə iki illik araşdırmadan sonra Beqonya Qomesə nüfuzdan sui-istifadə, biznesdə korrupsiya, vəsaitlərin mənimsənilməsi və dövlət vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması maddələri ilə ittiham irəli sürülmüşdü. Eyni ittihamlar onun köməkçisi Kristina Alvares və iş adamı Xuan Karlos Barrabesə də aid edilib. Bütün təqsirləndirilən şəxslər ittihamları rədd ediblər.
İstintaq Beqonya Qomes barəsində 2024-cü ildə başlayıb və o, öz vəzifəsindən istifadə edərək bəzi müqavilələrə təsir göstərməkdə şübhəli bilinib. Araşdırma Manos Limpias (“Təmiz Əllər”) adlı assosiasiyanın təqdim etdiyi məlumatlara əsaslanıb. Associated Press daha əvvəl bildirmişdi ki, bu təşkilatın fəaliyyəti tez-tez solçu siyasətçilərə qarşı yönəlir.
İstintaq başladıqdan sonra Pedro Sançes istefa ehtimalını nəzərdən keçirə biləcəyini desə də, sonradan vəzifəsində qalmaq qərarı verib. O, prosesi “hakimiyyət koalisiyasına qarşı böhtan kampaniyası” adlandırıb.

