Bəşər Əsəddən sonrakı dövrdə Suriyanın paytaxtı Şama səfər edən ilk Avropa İttifaqı lideri olan Fransa Prezidenti Emmanuel Makronun rəsmi şam yeməyindəki davranışı dünya mediasında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Reuters xəbər verir ki, Suriya ilə diplomatik münasibətləri yeniləmək məqsədilə 17 ildən sonra Şama səfər edən ilk Fransa Prezidenti olan Makron tarixi səfərə imza atıb. Lakin səfərin siyasi əhəmiyyətindən çox, Suriya Prezidenti Əhməd Şara tərəfindən onun şərəfinə verilən rəsmi şam yeməyindəki görüntülər diqqət çəkib.
Şamın tarixi restoranlarından birində keçirilən qapalı məkan tədbirində Makronun bütün israrlara baxmayaraq günəş eynəyini çıxarmaması sosial şəbəkələrdə geniş müzakirə olunub.
Ən çox diqqət çəkən məqam isə Əhməd Şaranın əl hərəkətləri ilə Makrona nəsə izah etməyə çalışdığı anlar olub. Fransa liderinin bu zaman heç bir reaksiya verməməsi, başını tərpətməməsi və üz ifadəsini dəyişmədən qarşı tərəfə baxması müzakirələrə səbəb olub.
Makronun bu soyuq və məsafəli davranışı bəzi istifadəçilər tərəfindən diplomatik nəzakət qaydalarına uyğun sayılmayıb, digərləri isə bunun səbəbi ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər.
Makron Şamdakı təmasları çərçivəsində tarixi Əməvi məscidini də ziyarət edib və burada da eynəyini çıxarmayıb.

Fransa Prezidentinin bu görüntüləri bir müddət əvvəl Davos Forumundakı çıxışlarını yada salıb. Makron Dünya İqtisadi Forumunda da mavi şüşəli xüsusi eynəklərlə iştirak etmişdi.
Fransa mediası həmin dövrdə bu seçimin moda və ya diplomatik mesajla deyil, sağlamlıqla bağlı olduğunu yazmışdı. Məlumatlara görə, Makronun gözündə subkonyunktival qanaxma adlı problem yaranmışdı. Bu hal gözün qoruyucu toxumasındakı damarların zədələnməsi nəticəsində gözdə qızartı ilə müşahidə olunur.
Şamdakı rəsmi qəbul zamanı da oxşar sağlamlıq səbəbinə görə belə protokolun tətbiq edildiyi ehtimal olunur.

