Avropa İttifaqı qanunsuz miqrantların daşınmasını təşkil edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək barədə qərar qəbul edib.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Avrokomissiya bu məqsədlə insan qaçaqmalçıları və miqrant daşıyıcılarına qarşı yeni sanksiya mexanizmi təqdim edir.
“Bu gün Avropa Komissiyası insan qaçaqmalçıları və miqrant daşıyıcılarına qarşı yeni sanksiya rejimini təqdim edir. Biz onları bu biznesdən sıxışdırıb çıxaracağıq”, - deyə fon der Leyen bildirib.
Məlumata görə, qanunsuz miqrantların Avropa İttifaqı ölkələrinə göndərilməsi ilə peşəkar şəkildə məşğul olan şəxslərə qarşı Aİ ərazisinə giriş qadağası tətbiq ediləcək. Bundan başqa, onların Avropadakı aktivləri dondurulacaq.
Qeyd olunur ki, bu məhdudiyyətlər məhkəmə qərarı olmadan tətbiq edilə biləcək.
Avropa Komissiyasının sədri sanksiyaların minlərlə miqrantın həyatını xilas etməyə kömək edəcəyinə ümid etdiyini bildirib.

