ABŞ Prezidenti Donald Trampla müdafiə naziri Pit Heqset arasında ölkənin raket və hava hücumundan müdafiə sursatı ehtiyatları ilə bağlı gərginlik yaşandığı iddia olunub.
The Washington Post adı açıqlanmayan iki mənbəyə istinadən yazıb ki, ötən həftə Kemp-Deviddə keçirilən görüşdə Tramp Pit Heqsetdən uzaqmənzilli idarəolunan raketlər və hava hücumundan müdafiə vasitələrinin ehtiyatlarında ciddi azalma ilə bağlı izahat istəyib.
Nəşrin məlumatına görə, sursat çatışmazlığı Tramp administrasiyasının İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatları hələlik təxirə salmasına təsir edib. Bildirilir ki, Vaşinqton bu mərhələdə hərbi variantlar əvəzinə Tehranla danışıqları ön plana çıxarıb.
Lakin Ağ Ev və Pentaqon bu iddiaları qəti şəkildə təkzib edib.
Ağ Evin sözçüsü Karolin Livitt xəbəri “100 faiz saxta” adlandırıb və Trampın Pit Heqsetə tam etibar etdiyini bildirib.
Pentaqonun sözçüsü Şon Parnell isə müdafiə nazirinin sursat ehtiyatları barədə prezidentə yanlış məlumat verməsi və ya məsuliyyəti müavinlərinin üzərinə atması ilə bağlı iddiaları “tamamilə uydurma” adlandırıb.
ABŞ-nin raket və hava hücumundan müdafiə sursatı ehtiyatları son aylarda da müzakirə mövzusu olub. Pentaqon ordunun əməliyyat imkanlarını qoruduğunu və sursat istehsalının artırılması istiqamətində işlərin davam etdiyini bildirib.

