Macarıstan hökuməti xarici kəşfiyyatın ölkənin xarici işlər naziri Peter Siyarto ilə bağlı əməliyyat apardığını iddia edir. Bu barədə hökumət nümayəndəsi Zoltan Kovach X sosial şəbəkəsində yazıb.
O bildirib ki, yayılan səs yazısı Siyartonun telefon zənglərinin izlənilməsi ilə bağlı koordinasiyalı kəşfiyyat əməliyyatını üzə çıxarır.
Paylaşımda jurnalist Sabolç Paniyə aid olduğu deyilən audioya istinad olunub. Həmin yazıda onun Siyartonun telefon nömrələrini xarici xüsusi xidmət orqanlarına ötürdüyünü etiraf etdiyi iddia edilir.
“Sızdırılmış səs yazısının yeni detalları göstərir ki, bu, xarici xüsusi xidmətlərin iştirakı ilə həyata keçirilən və siyasi məqsədlərlə bağlı koordinasiyalı kəşfiyyat əməliyyatıdır”, – deyə Kovach qeyd edib.
Bundan əvvəl The Washington Post anonim Avropa rəsmisinə istinadən yazmışdı ki, Siyarto Aİ iclaslarının fasilələrində tez-tez Sergey Lavrovla telefonla danışır.
Bu iddialara cavab olaraq Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Macarıstanın düşmənlərinin təxəyyülü həddindən artıqdır”.

