Dövlət İmtahan Mərkəzi iyunun 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 15 719 bakalavrdan 14 612 nəfəri Azərbaycan, 1 107 nəfəri isə rus bölməsi üzrə ərizə təqdim edib.
İştirakçılardan 10 632 nəfəri cari ilin, 5 087 nəfəri isə əvvəlki illərin məzunudur. İmtahanda həmçinin 35 əcnəbi vətəndaş iştirak edəcək.
Bundan başqa, imtahana fiziki imkanları məhdud 19 bakalavr da qatılacaq. Onlar arasında görmə məhdudiyyəti olanlar, uşaq serebral iflici, eşitmə məhdudiyyəti və digər sağlamlıq xüsusiyyətləri olan şəxslər var.
Qəbul imtahanları Bakı, Sumqayıt və Abşeron rayonunda təşkil olunacaq. İmtahan saat 10:00-da başlanacaq.
DİM abituriyentlərin diqqətinə çatdırır ki, imtahanın başlanmasına 15 dəqiqə qalmış — saat 09:45-də buraxılış rejimi başa çatacaq. Həmin vaxtdan sonra gələn şəxslər imtahana buraxılmayacaqlar.

