Azərbaycanda bakalavriat səviyyəsində yeni ixtisas — “Daşınmaz əmlakın idarə edilməsi” rəsmən təsdiqlənib.
Bu istiqamət üzrə tədrisə artıq cari tədris ilindən başlanılacaq.
Yeni ixtisasın hazırlıq istiqamətləri təsnifatına daxil edilməsi tikinti və şəhərsalma sektorlarının aktiv inkişafı, eləcə də daşınmaz əmlak bazarının genişlənməsi ilə əlaqələndirilir. Bu sahələrdə inkişaf ixtisaslı kadrlara olan tələbatı artırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov yeni ixtisasın abituriyentlər arasında böyük maraq doğuracağına əminliyini ifadə edib.
Deputat bildirib:
Azərbaycan gəncləri həm dövlət əmlakının idarə olunması, həm də özəl mülkiyyətin menecmenti sahəsinə kifayət qədər maraq göstərirlər.
Onun fikrincə, bu istiqamətə tələbat nəzərə alınaraq ixtisasa qəbul üçün keçid balları çox aşağı olmamalıdır.
Ceyhun Məmmədov ölkədə bu profildə mütəxəssislərə ehtiyac olduğunu da vurğulayıb. Onun sözlərinə görə, yeni təhsil proqramının həyata keçirilməsi üçün ən uyğun ali məktəblər sırasında Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, həmçinin digər profilli ali təhsil müəssisələri ola bilər.
Deputat hesab edir ki, yeni ixtisasın mahiyyəti və beynəlxalq perspektivləri daha geniş izah olunduqca gələcək tələbələrin bu sahəyə marağı daha da artacaq.
Mövzu ilə bağlı “Xəzər Xəbər”in materialını təqdim edirik:

