ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff bildirib ki, Ukrayna böhranının həlli üçün hələ görüləsi çox iş var, lakin danışıqlar artıq real nəticələr verməyə başlayıb.
Onun sözlərinə görə, ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri bu gün 314 əsirin dəyişdirilməsi barədə razılığa gəlib. Bu, son beş ay ərzində ilk belə razılaşmadır.
Bu gün ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri 314 əsirin mübadiləsi barədə razılığa gəldi. Bu nəticə ətraflı və məhsuldar danışıqlar sayəsində əldə olunub, — deyə Vitkoff X sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, görüləsi işlər çox olsa da, bu cür addımlar davamlı diplomatik təmasların konkret nəticə verdiyini və Ukraynada müharibənin bitməsi istiqamətində səyləri sürətləndirdiyini göstərir.
Vitkoff danışıqların davam edəcəyini vurğulayıb və yaxın həftələrdə yeni irəliləyişlərin olacağını bildirib.
Bundan əlavə, o, danışıqlar üçün platforma təqdim edən Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinə, həmçinin razılaşmanın mümkün olmasında aparıcı rol oynadığına görə ABŞ prezidenti Donald Trumpa təşəkkür edib.

