ABŞ dövlət katibi Marko Rubio İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna dair əlamətlərin olduğunu bildirib.
Reuters agentliyinin məlumatına görə, Rubio qeyd edib ki, Xamenei siyasi qərarların qəbulunda fəal iştirak edir.
“Müctəba Xameneinin sağ olduğuna və qərarların qəbulunda getdikcə daha fəal iştirak etdiyinə dair əlamətlər var”, deyə ABŞ dövlət katibi bildirib.
Müctəba Xamenei fevralın 28-də Tehrandakı iqamətgaha İsrail tərəfindən endirilən zərbə nəticəsində yaralanmışdı. Onun üz nahiyəsində ciddi yanıqlar aldığı və bunun danışığını çətinləşdirdiyi bildirilirdi.
Məlumatlara görə, ağır yaralanmasına baxmayaraq, Xamenei zehni aydınlığını qoruyub saxlayır. Bəzi məlumatlarda fevralın sonundan bəri onun bir ayağından 3 dəfə cərrahi əməliyyat keçirdiyi və həkimlərin protez ehtimalını istisna etmədiyi qeyd olunur.
İran Səhiyyə Nazirliyi isə daha əvvəl ABŞ-İsrail zərbəsindən sonra Xameneinin əlil olması və ya ciddi şəkildə şikəst qalması barədə yayılan iddiaları təkzib etmişdi.
İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, alınan xəsarətlər onun xarici görünüşünü “şikəst hala salmayıb”.

