Bu gün Azərbaycanda ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilir.
Ənənəvi olaraq hər il təşkil olunan “Son zəng” məktəb həyatını başa vuran məzunlar üçün xüsusi gün hesab olunur. Bu gün ölkə üzrə minlərlə şagird doğma məktəbi, müəllimləri və sinif yoldaşları ilə vidalaşır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, cari tədris ilində Azərbaycanda 116 550 şagird 11-ci sinfi bitirib. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri oğlandır.
Bu il “Son zəng” tədbirləri işğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra məktəblərdə də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərən 25 məktəbdən 11-də ilk dəfə “Son zəng” keçiriləcək. Həmin məktəblərdə 171 şagird məzun olacaq.
Təhsil müəssisələrində keçirilən tədbirlərdə məzunlara gələcək təhsil və həyat yollarında uğurlar arzulanır, müəllimlərin zəhməti və məktəb illərinin xatirələri ön plana çəkilir.
“Son zəng” həm sevinc, həm də kövrək anlarla yadda qalır. Bu gün məzunlar üçün bir mərhələnin sonu, yeni həyat yolunun isə başlanğıcıdır.

