ABŞ və İran arasında dialoqda vasitəçi qismində çıxış edən Pakistan və Qətər İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqların birinci raundunun başa çatdığını açıqlayıb.
Məlumata görə, danışıqlar İslamabad Anlaşma Memorandumunun icrası çərçivəsində keçirilib.
Qətər və Pakistanın birgə bəyanatında bildirilib ki, yüksək səviyyəli görüşdə İran və ABŞ nümayəndələri, həmçinin vasitəçi tərəflər — Qətər Dövləti və Pakistan İslam Respublikası iştirak edib.
Bəyanatda qeyd olunub ki, görüş müsbət və konstruktiv atmosferdə keçib.
“Tərəflər arasında ümidverici irəliləyiş əldə olunub, o cümlədən növbəti texniki danışıqların keçirilməsi üçün əsas yaradılıb”, - deyə birgə açıqlamada bildirilib.
Əldə olunan razılaşmaların detalları hələlik açıqlanmır. ABŞ və İran arasında danışıqlar prosesinin davam etdiriləcəyi qeyd olunur.

