Bu cümə günü İstanbulda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında görüş keçiriləcək.
Bu barədə Axios nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu görüş ötən ilin iyununda danışıqların iflasa uğraması və 12 günlük müharibədən sonra ABŞ və İran rəsmiləri arasında ilk birbaşa təmas olacaq.
Görüş ABŞ-ın Fars körfəzində hərbi gücünü artırdığı və Prezident Donald Trampın hərbi qarşıdurmadan qaçmağın yeganə yolunun sürətli razılaşma olduğunu bildirdiyi bir dövrdə baş tutacaq.
Danışıqların əsas məqsədi bölgədə mümkün hərbi eskalasiyanın qarşısını almaqdır. Tərəflər İranın nüvə proqramını müzakirə etsələr də, gündəliyə daxil ediləcək mövzularla bağlı fikir ayrılıqları qalmaqdadır.
Məlumata görə, Türkiyə, Misir və Qətər bu görüşün təşkilində vasitəçi rolunu oynayır.

