Reuters-in məlumatına görə, İtaliya, Fransa, Almaniya və Böyük Britaniya ABŞ və İran arasında razılaşma əldə olunmasından sonra Tehrana qarşı müvafiq sanksiyaları ləğv etməyə hazır olduqlarını bildiriblər.
Dörd ölkənin birgə bəyanatında ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun elan edilməsi alqışlanıb.
“Biz ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu barədə elanı məmnuniyyətlə qarşılayırıq. İran heç vaxt nüvə silahı əldə etməməlidir. Bu məqsədlə ABŞ, İran və MAQATE ilə işləməyə hazırıq”, — bəyanatda qeyd olunub.
Sənəddə vurğulanıb ki, Avropa ölkələri İranın nüvə proqramı ilə bağlı aydın və etibarlı addımlarına cavab olaraq müvafiq sanksiyaları ləğv etməyə hazırdır.
Bəyanatda həmçinin tərəflərin İranın nüvə proqramı ətrafında diplomatik prosesin davam etdirilməsinə tərəfdar olduğu bildirilib.

