ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqlarda Tehranın 12 milyard dollarlıq dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı razılıq yekunlaşdırılıb.
Reuters xəbər verir ki, bunu İran nümayəndə heyətinin rəhbəri və parlamentin spikeri Məhəmməd Baqer Qalibaf bildirib. Onun sözlərinə görə, danışıqlarda aktivlərin dondurulmadan çıxarılması üzrə sənədləşmə prosesi tamamlanıb.
İyunun 21-də İsveçrədə ABŞ və İran arasında texniki danışıqlar keçirilib. Tərəflər müvəqqəti anlaşma memorandumunun detalları, gələcək yekun saziş və gərginliyin azaldılması mexanizmlərini müzakirə ediblər.
Bildirilib ki, tərəflər 60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün yol xəritəsi üzərində razılığa gəliblər. İranın xarici işlər naziri Abbas Araqçi də danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb.
Məlumata görə, müzakirələr zamanı İran nefti və neft-kimya məhsullarının ixracı ilə bağlı məhdudiyyətlərin yumşaldılması, Tehranın aktivlərinin qismən dondurulmadan çıxarılması və iqtisadi bərpa proqramının başlanması məsələləri də gündəmdə olub.
ABŞ və İran həmçinin Hörmüz boğazında insidentlərin və anlaşılmazlıqların qarşısını almaq üçün xüsusi rabitə xətti yaratmaq barədə razılığa gəliblər. Reuters yazır ki, Qalibaf bu rabitə xəttinin gəmilərin təhlükəsiz keçidini təmin etməyə yönəldiyini bildirib.

