İsrailin Qəzza ilə bağlı siyasəti və uzanan müharibənin ölkə daxilində yaratdığı sosial-psixoloji nəticələr yenidən gündəmə gəlib.
Middle East Eye nəşrinin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzadakı fələstinlilərin “könüllü köçü” və bölgədə yəhudi yaşayış məntəqələrinin yaradılması ehtimalı ilə bağlı suallara cavab verib.
Netanyahu bu barədə danışarkən “Daha az danışıb, daha çox hərəkət etməyə üstünlük verirəm” ifadəsini işlədib.
Digər tərəfdən, müharibənin İsrail cəmiyyətinə təsiri də müxtəlif hesabatlarda əksini tapır.
Haaretz nəşri İsrail Təhsil Nazirliyinin sorğusuna istinadən yazır ki, ölkədə lisey şagirdləri arasında irqçilik və millətçi yanaşmalar artır.
Sorğuya əsasən, dini məktəblərdə oxuyan şagirdlərin 52 faizi, dünyəvi məktəblərdə oxuyanların isə 35 faizi fələstinlilərin İsrail cəmiyyətinin bir hissəsi olmağa layiq olmadığını düşünür.
Təhsil ekspertləri bildirirlər ki, gənclər arasında sülhə və iki dövlətli həll modelinə inam zəifləyib. Eyni zamanda dövlət institutlarına etimadın da azaldığı qeyd olunur.
Müharibənin yaratdığı digər ağır nəticə isə psixoloji sahədə müşahidə edilir.
Ynet nəşrinin Reichman Universitetinin araşdırmasına istinadən yaydığı məlumata görə, ehtiyatda olan hərbçilərin 7 yaşdan kiçik uşaqlarının 75 faizində travma sonrası stress pozuntusuna bənzər əlamətlər müşahidə olunur.
Uşaqlarda yuxu pozuntusu, gecə sidik qaçırma və aqressiv davranış kimi problemlər qeydə alınıb. Araşdırmada iştirak edən ataların 35 faizinin, anaların isə 42 faizinin travma yaşadığı müəyyən edilib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, təcili tədbirlər görülməsə, İsrail cəmiyyəti uzun illər davam edə biləcək “psixi sağlamlıq sunamisi” ilə üzləşə bilər.

