Financial Times yazır ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında ordunun nəzarət etdiyi ərazilərin daha da genişləndirilməsi barədə göstəriş verib.
Onun sözlərinə görə, hazırda İsrailin nəzarətində olan ərazi 60 faizə çatdırılıb və yaxın vaxtlarda bu göstəricinin 70 faizə yüksəldilməsi planlaşdırılır.
Netanyahu hökumət iclasından əvvəl verdiyi açıqlamada bildirib ki, İsrail ordusu həm Qəzza, həm də Livan istiqamətində hərbi əməliyyatları davam etdirir. Baş nazir atəşkəs razılaşmasına əsasən Qəzzada nəzarət zonasının əvvəlcə 53 faiz olduğunu, daha sonra isə bu sahənin tədricən genişləndirildiyini qeyd edib.
Nəşrin məlumatına görə, İsrail ordusunun yardım təşkilatları ilə paylaşdığı xəritədə 2025-ci ilin oktyabrında əldə olunmuş atəşkəs çərçivəsində müəyyən edilən “Sarı xətt” yenilənib və onun yerini “Narıncı xətt” alıb. Bu dəyişiklik nəticəsində fələstinlilərin daha dar əraziyə sıxışdırıldığı, İsrailin nəzarət zonasının isə 60 faizə çatdığı bildirilir.
Netanyahu Livan istiqamətində də hücumların intensivləşdiyini deyib. O, son bir həftə ərzində 350 “Hizbullah” üzvünün öldürüldüyünü iddia edib. Baş nazirin sözlərinə görə, İsrail qüvvələri Livanda “çox güclü zərbələr” endirib və “Hizbullah” geri çəkilməyə məcbur olub.
Netanyahunun açıqlamaları bölgədə hərbi gərginliyin daha da artacağına dair narahatlıqları gücləndirib. İsrail hökuməti isə həm Qəzzada, həm də Livan cəbhəsində əməliyyatların davam etdiriləcəyini bildirir.

