ABŞ və İran arasında gözlənilən razılaşma İsrailin Baş naziri Binyamin Netanyahu üçün “acı həb”ə çevrilib.
Axios nəşrinin məlumatına görə, Netanyahu və digər İsrail rəsmiləri ABŞ Prezidentini açıq şəkildə tənqid etməməyə çalışırlar. Lakin qapalı müzakirələrdə onlar mümkün razılaşmaya skeptik yanaşırlar.
Nəşr yazır ki, İsrail tərəfinin əsas narahatlıqlarından biri razılaşma imzalandıqdan və müharibə başa çatdıqdan sonra İranın nüvə sahəsində real güzəştlərə getmədən danışıqları uzatması ehtimalıdır.
Məqalədə qeyd olunur ki, Tehran bu müddətdən ölkə daxilində vəziyyəti sabitləşdirmək və nefti daha az risklə satmaq üçün istifadə edə bilər.
Digər mübahisəli məqam isə atəşkəs razılaşmasının Livana da şamil olunmasıdır. Axios-un yazdığına görə, bu halda ABŞ administrasiyası İsrailin “Hizbullah”a qarşı hərəkət azadlığını məhdudlaşdıra və hər zərbə ilə bağlı əvvəlcədən məsləhətləşmə tələb edə bilər.
Mənbələr bildirirlər ki, İsrailin narazılığına baxmayaraq, Ağ Ev son nəticədə israillilərin bu razılaşma ilə barışacağına inanır.
Nəşr yekunda yazır ki, Netanyahu üçün elan edilmiş məqsədlərə çatmadan müharibənin dayandırılması ilə bağlı razılaşmanın imzalanması ciddi strateji və siyasi zərbə ola bilər.

