İranın Ankaradakı səfirliyi NATO-nun Ankara Zirvəsi Bəyannaməsində İranın nüvə proqramı və Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı yer alan ifadələri rədd edib.
İranın Ankaradakı səfirliyinin yazılı açıqlamasında bildirilib ki, “İran İslam Respublikası NATO-nun Ankara Zirvəsi Bəyannaməsində sülh məqsədli nüvə proqramı və Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı irəli sürülən əsassız və siyasi motivli iddiaları qəti şəkildə rədd edir”.
Açıqlamada İranın nüvə proqramının yalnız sülh məqsədi daşıdığı vurğulanıb. Bildirilib ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulmuş məsul dövlət kimi nüvə silahlarının ölkənin müdafiə doktrinasında yeri olmadığını dəfələrlə bəyan edib.
Səfirlik həmçinin İranın Fars körfəzi və Hörmüz boğazında dəniz təhlükəsizliyinin, eləcə də gəmiçilik azadlığının qorunmasında məsuliyyətli rol oynadığını bildirib.
Açıqlamada qeyd olunub ki, “bölgədəki təhlükəsizliyin pozulmasının əsas mənbəyi İran deyil, regiondan kənar aktorların qanunsuz hərbi müdaxilələri, təxribat xarakterli addımları və sabitliyi pozan siyasətidir”.
Sənəddə ABŞ və İsrail də sərt tənqid olunub. Bildirilib ki, diplomatiya əvəzinə hücum yolunu seçən tərəf İran olmayıb:
“Danışıqlar masasını bombalayan və diplomatiya əvəzinə təcavüzü seçən İran deyil, ABŞ və İsrail terror rejimi idi. İran xalqına qarşı hücumları dəstəkləyən və asanlaşdıran NATO İrana dərs verə və ya regional sülh və təhlükəsizlik mövzusunda siyasət diktə edə bilməz. Bu cür ziddiyyətli və siyasi motivli mövqelər nə sülhə töhfə verir, nə də NATO-nun etibarlılığını artırır; yalnız alyansın ikili standartlarını ortaya qoyur”.
Açıqlamada İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qətiyyətlə müdafiə etdiyi, eyni zamanda diplomatiyaya, konstruktiv dialoqa və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qaldığı bildirilib.
Səfirlik qeyd edib ki, bölgədə davamlı sülh və təhlükəsizlik yalnız dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq, xarici təzyiq və hərbi məcburiyyətdən uzaq real regional əməkdaşlıq yolu ilə təmin edilə bilər.

