ABŞ Prezidenti Donald Tramp xalqa müraciəti zamanı İranın nüvə proqramının əsas obyektlərinin “tamamilə məhv edildiyini” bildirib. O qeyd edib ki, İranda hələ də “çoxlu hədəflər” qalır və Tehranı sülh razılaşması bağlamağa çağırıb. Tramp xəbərdarlıq edib ki, əks halda zərbələr davam edəcək. Onun sözlərinə görə, İran onilliklər ərzində həm ABŞ, həm də İsrail üçün təhlükə yaradıb.
Tramp Amerika hərbçilərinə və İsrail hakimiyyətinə təşəkkür edərək ölkələrin “bir komanda kimi işlədiyini” vurğulayıb. İsrailin Baş naziri Binyamin Netanyahu isə ABŞ prezidentinə minnətdarlığını bildirərək bu qərarın “tarixi dəyişəcəyini” bəyan edib.
İranın Atom Enerjisi Təşkilatı nüvə obyektlərinə edilən hücumları beynəlxalq hüququn, xüsusilə də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin pozulması kimi qiymətləndirib və nüvə proqramının davam etdiriləcəyini açıqlayıb. Tehranda daha əvvəl zənginləşdirilmiş uran ehtiyatlarının nüvə mərkəzlərindən öncədən çıxarıldığı bildirilib.

