ABŞ-li milyarder İlon Mask İspaniyanın Seuta şəhərində yaşanan miqrant böhranını "Dünya Müharibəsi Z" (World War Z) filmi ilə müqayisə edib.
Sahibi olduğu X sosial şəbəkəsində paylaşım edən Mask bildirib ki, İspaniya miqrantlara dünyanın əksər ölkələrindən daha yüksək səviyyədə sosial təminatlar təqdim edərsə, bu, milyardlarla insan üçün ölkəyə köçmək stimulu yaradacaq. Onun sözlərinə görə, belə vəziyyət ölkə büdcəsi üçün ciddi yükə çevrilə bilər.
Mətbuatda yayılan məlumatlara görə, təxminən 20 min miqrant Şimali Afrikada yerləşən İspaniyanın muxtar Seuta şəhərinə daxil ola bilər. Bildirilir ki, yalnız son bir həftədə 1 500 nəfər üzərək şəhərə keçib, digərləri isə Mərakeşdən piyada gəlib.
Məqalədə qeyd olunur ki, miqrantlar Mərakeş təhlükəsizlik qüvvələrinin ciddi müqaviməti ilə qarşılaşmayıblar.
Artan gərginlik fonunda İspaniya hakimiyyəti Seutada təhlükəsizliyi təmin etmək üçün hərbçiləri bölgəyə cəlb etmək qərarı verib.

