İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutada mindən çox qanunsuz miqrant müvəqqəti yerləşdirmə mərkəzinə qəbul olunmaq ümidi ilə binanın qarşısına toplaşıb.
EFE agentliyinin məlumatına görə, mərkəz həddindən artıq doludur və yeni gələnləri qəbul edə bilmir. Buna görə yüzlərlə insan yaxınlıqdakı dağlıq ərazilərdə və çimərlikdə açıq havada gecələməyə məcbur olub.
Miqrantların əksəriyyətinin Saxaradan cənubda yerləşən Afrika ölkələrindən gəldiyi bildirilir. Təhlükəsizlik qüvvələri ərazidə patrul xidmətini gücləndirib.
Vəziyyət bir qrup miqrantın mərkəzin ərazisinə zorla daxil olmağa cəhd etməsindən sonra daha da gərginləşib. Bundan əvvəl minlərlə insan Mərakeşlə sərhəddəki dalğaqıranı keçərək və ya üzərək Seutaya daxil olmuşdu.

