Şimali Afrikada yerləşən İspaniyanın muxtar Seuta şəhərinə təxminən 20 min miqrantın keçdiyi ehtimal olunur.
“El Mundo” qəzetinin polis mənbəsinə istinadən yaydığı məlumata görə, miqrantlar Mərakeş təhlükəsizlik qüvvələrinin ciddi müqaviməti ilə qarşılaşmayıblar. Bildirilir ki, təkcə son bir həftədə 1 500 nəfər üzərək Seutaya çatıb, digərləri isə Mərakeşdən piyada keçib.
Vəziyyətin gərginləşməsi fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyi təmin etmək üçün hərbçiləri cəlb edib.
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib ki, cinayətkar qruplar Ali Məhkəmənin iyul qərarından istifadə ediblər. Həmin qərar dəniz yolu ilə Seutaya keçməyə çalışan miqrantların dərhal geri göndərilməsi praktikasını məhdudlaşdırıb.
Coğrafi mövqeyinə görə Seuta uzun illərdir miqrasiya təzyiqi ilə üzləşir. Afrika ölkələrindən gələn axının qarşısını almaq məqsədilə şəhərin Mərakeşlə sərhədi boyunca hündür, tikanlı məftilli hasar quraşdırılıb.

